Norveç və Britaniya Ukraynanı bahalı “Black Hornet” mikro dronları ilə təmin edəcək

Norveç və Britaniya Ukraynanı Norveçin “Black Hornet” mikro-dronları ilə təmin edəcək.

Bu barədə Norveçin Nazirlər kabineti məlumat yayıb.

“Norveç və Böyük Britaniya mikrodronlarını Ukraynaya ianə olaraq vermək üçün güclərini birləşdirir. Bunun üçün 90 milyon Norveç kronu (9,2 milyon ABŞ dolları) vəsait ayrılacaq”, - deyə Nazirlər Kabinetinin açıqlamasında bildirilir.

Yardım paketinə dronların özləri, ehtiyat hissələri, nəqliyyat və təlim daxildir. Layihə ilə bağlı maliyyə, Norveçin 400 milyon kron (41,1 milyon dollar) bağışladığı, Britaniyanın rəhbərlik etdiyi fonddan gələcək.

Qeyd olunur ki, bu kiçik pilotsuz təyyarələr kəşfiyyat uçuşları üçün nəzərdə tutulub və hədəflərin aşkarlanmasından ötrü istifadə olunur.

“Black Hornet Nano” burnuna yerləşdirilmiş iki təhlükəsizlik kamerası ilə təchiz olunub. Cihazın idarəetmə stansiyasına məlumatların ötürülməsi real vaxt rejimində həyata keçirilir. Aparatın uzunluğu təxminən 100 mm, eni 25 mm, rotorun diametri 100 mm, ümumi çəkisi isə təxminən 18 qramdır. Displeylə birlikdə bütün dəstin çəkisi 1,3 kq-dır. O, 8 m/s-ə qədər küləklə 5 m/s sürətlə uça bilir. Maksimum uçuş müddəti 1 km-ə qədər məsafədə 25 dəqiqədir. Kompleks 2,5 saat uçuşu təmin edə bilir.

Bundan başqa Ukrayna üçün təxminən 100 milyon kron (10,2 milyon dollar) dəyərində pilotsuz uçuş aparatlarından müdafiə sistemi alınacaq. Söhbət Britaniyanın “SteelRock Technologies” şirkətinin “Nightfighter” sistemindən gedir.
  • Sosial şəbəkədə paylaş