RƏSMİ: Ukrayna ordusu Xersona daxil olur

Xerson vilayəti Ukrayna ordusunun nəzarətinə qayıdır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin bəyanatında qeyd olunub.

“Xerson Ukraynanın nəzarətinə qayıdır, Ukrayna Silahlı Qüvvələrinin bölmələri şəhərə daxil olur”- Ukrayna Kəşfiyyat Baş İdarəsinin yaydığı məlumatda bildirilib.

Məlumatda o da deyilir ki, rusların geri çəkilmə yolları Ukrayna ordusunun atəşi altındadır və əlavə olunub ki, Ukrayna Silahlı Qüvvələrinə qarşı istənilən silahlı təxribatın qarşısı qətiyyətlə alınacaq.

17:50

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Xersonla bağlı paylaşım edib.

“Twitter” hesabındakı paylaşımında nazir bununla bağlı video yerləşdirib. Videoda Ukraynanın Xerson vilayəti yaxınlığındakı Belozerkada Rusiyanı təbliğ edən plakatın sökülməsi əks olunub. Kuleba plakatın üzərindəki “Rusiya həmişəlik buradadır” yazısı ilə bağlı şərh verib.

“Bu, tam olaraq belə deyil. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) da daxil olmaqla, dünyadakı hər kəsə bildirirəm: Ukrayna bu anda daha bir böyük qələbə qazanır və sübut edir ki, Rusiya nə desə və ya nə etsə də, Ukrayna qalib gələcək”, - deyə o, paylaşımında qeyd edib.
  • Sosial şəbəkədə paylaş