Le Pen külli miqdarda pul mənimsəməkdə təqsirləndirilir

Avropa Fırıldaqçılıqla Mübarizə Ofisi (OLAF) Fransa prezidentliyinə namizəd, ultrasağ Milli Cəbhə partiyasının rəhbəri Marin le Peni və yaxınlarını 600 000 avro vəsaiti mənimsəməkdə ittiham edir.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, qurum Le Peni Avropa Parlamentinin deputatı olduğu dövrdə İttifaqa məxsus vəsaiti mənimsəməkdə təqsirləndirir. Bu barədə ötən ay Fransanın hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda işi Paris şəhər prokurorluğu araşdırır.

Ofisin məlumatına görə Le Pen və digər 3 deputat - Jan-Mari Le Pen (Marin le Penin atası), Lui Alyo və Brüno Kolniş ümumilikdə 600 000 avro mənimsəyiblər. Le Pen təkbaşına 2004-2017-ci illərdə Avropa Parlamentinin 137 000 avro vəsaitini mənimsəyib.

Təqsirləndirilən şəxsin vəkili 10 il əvvəl baş vermiş hadisənin niyə məhz prezident seçkisi dövründə ortaya çıxmasından təəccünləndiyini bildirib.
  • Sosial şəbəkədə paylaş