ABŞ-da orta məktəbdə atışma zamanı 15 nəfər həlak olub, yaralılar var

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində iki şagird həlak olub.

Bu barədə “Fox News” polisə istinadən xəbər verib.

İnsidentin digər təfərrüatları, eləcə də ölənlərin dəqiq sayı hələ açıqlanmayıb. Bu arada, ABC telekanalının məlumatına görə, ibtidai məktəbdə atışma ilə nəticələnən insident nəticəsində iki uşaq ölüb. Eyni zamanda, bildirilir ki, həkimlər daha 13 şagirdə yardım göstərir.

Dövlət orqanları hələ ölənlər barədə məlumat verməyib. Hadisənin motivləri də məlum deyil.

***

ABŞ-ın Texas ştatının Uvalde şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 15 nəfər həlak olub.

"Report"un xəbərinə görə, bu barədə ştatın qubernatoru Qreq Ebbott bildirib. O, qeyd edib ki, həlak olanlardan 14-ü şagirdlər, 1-i müəllimdir.

Hadisəni törədən cinayətkar polis tərəfindən zərərsizləşdirilib.

Yaralı məktəblilərdən ikisi San-Antonio şəhərindəki xəstəxanaya aparılıb. Bundan əlavə, insident zamanı 45 yaşlı kişi güllə yarası alıb.

Yerli KİV-in məlumatına görə, hadisə yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00-da) baş verib.

Hadisənin başvermə səbəbləri və digər yaralıların vəziyyəti açıqlanmır.

Daha əvvəl atışma zamanı 2 şagirdin həlak olduğu, 13 məktəblinin yaralandığı bildirilirdi.
  • Sosial şəbəkədə paylaş