Şirkət rəhbərinin içərisində 140 min manat olan maşınının oğurlanması iddiasına DİN-dən REAKSİYA

“Paytaxtın Yasamal rayonunda avtomobilin qaçırılması və içərisində olan 140 min manat məbləğində pulun oğurlanması ilə bağlı iddialar mübahisəlidir”.

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib:

“Mersedes-Benz” markalı avtomobil qayda pozuntusuna görə mühafizə olunan duracağa təmin edilib. Qapıları bağlı olan avtomobilə ekspertlərin iştirakı ilə baxış keçirilməsi üçün vətəndaş dəfələrlə dəvət edilsə də o, avtomobil olan duracağa yaxınlaşmaqdan imtina edib. Vətəndaşın iddiaları ilə hərəkətləri uzlaşmır. Avtomobilin açarı onun özündədir və avtomobilə hər hansı kənar müdaxilə olmayıb. Buna baxmayaraq, vətəndaşın iddiaları araşdırma predmetidir və araşdırılır”.

15:18

Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.

Avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edən rəhbər journalistlərə müraciət edib.

Şikayətçi Tofiq Aslan başına gələn hadisə barədə danışıb:

“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mercedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.

Şübhələndiyim şəxs yoxdur. İki gündür maşınımdan xəbər yoxdur. Quruma müraciət etdim. Lakin geridönüş olmayıb. Əvəzində maşında o qədər pulu niyə saxladığımı sual edirlər. Maşınım hələ də tapılmayıb”.
  • Sosial şəbəkədə paylaş