Jurnalistlər güzəştli ipoteka ilə haradan və hansı evləri ala biləcək?

Azərbaycanda jurnalistlər güzəştli şərtlərlə ipoteka krediti almaq hüququ olan şəxslər siyahısına əlavə olunub. Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən gənc ailənin üzvü olub, 5 illik jurnalist stajına malik olub Media Reyestrinə daxil edilmiş şəxslər, eyni zamanda ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Qanunvericiliyə əsasən güzəştli ipoteka kreditinin maksimal məbləği 100 min manat, maksimal müddəti 30 il, maksimal ilkin ödəniş 10 faiz, maksimal illik faiz dərəcəsi 4 faizdir. Bunun üzərinə İpoteka və Kredit Zəmanət Fondunun illik 1 faiz kotirovka haqqı əlavə olunur.
Mövcud şərtlərə əsasən güzəştli ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz.

Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır. İpoteka ilə yüklü edilən yaşayış sahəsi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli, ipoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır.

Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir. Bundan əlavə, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır. Eyni zamanda krediti götürən şəxsin həyatı da sığortalanmalıdır. Özü də borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.

İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır.

İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz. Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər.

Qaydalara əsasən bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər. İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilir.

Güzəştli ipoteka ilə fərdi yaşayış evlərini, bağ evlərini və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzilləri almaq mümkündür. Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.
Krediti götürən şəxs ilkin ödənişdən əlavə bir sıra xərcləri də qarşılamalıdır. Bunlardan ən böyükləri borcalanın (borcalanların) ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortasının haqqıdır. Bu, kredit məbləğinin 0,26- 1,49 faizi qədərdir. İpoteka predmetinin - yəni ipoteka ilə alınan evin sığortası isə kredit məbləğinin 0,2-0,22 faizinə bərabərdir.

Bundan əlavə, alınacaq mənzilin alqı-satqısının, ipoteka kağızının rəsmiləşdirilməsi, ipoteka predmetinin qiymətləndirilməsi və sair xərclər 500 manata yaxın pul aparır.
  • Sosial şəbəkədə paylaş