Lukaşenkodan ilginc açıqlama

Uzun zamandır bu ölkə, konkret Aleksandr Lukaşenko hökuməti ilə bağlı planlar hazırlanırdı. Deyəsən, artıq Belarusda vəziyyət kifayət qədər gərgindir və reallıqları “Batka” özü də dərk edir.

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini dövlət başçısı postundan getməsinə hazırlayır.

Bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.

“Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun.

Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər", - deyə o bildirib. (Report)

O, həmçinin deyib ki, Belarus ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb.

Lukaşenko diqqətə çatdırıb ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır.

Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu, iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi: “Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar (Ukrayna - qeyd) 120 min hərbi personanı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum. Müharibə, müdafiə zamanı olduğu kimi, bütün sərhəd boyu hərbçilərimizi gətirdik və müəyyən nöqtələrə yerləşdirdik. Üstəlik, orada xüsusi təyinatlılar - "Alfa", “Almaz” və başqaları işləyir, öz işlərini görürlər".

Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur: “Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.
  • Sosial şəbəkədə paylaş