ABŞ-də yanacaq qiymətlərinin yenidən yüksəlməsi ölkə gündəmində

ABŞ-də benzinin orta qiyməti bir qallon üçün 3,70 dollara çatıb və bu göstərici 2024-cü ilin aprelindən bəri ən yüksək səviyyə hesab olunur.

Məlumata görə, son həftələrdə qiymətlərin artması qlobal enerji bazarında yaranan gərginliklə əlaqələndirilir. Yaxın Şərqdə davam edən hərbi qarşıdurma və xüsusilə də Hörmüz boğazı ətrafında yaranan risklər neft bazarında ciddi dalğalanmalara səbəb olub. Bu isə ABŞ-də də yanacaq qiymətlərinin artmasına gətirib çıxarıb.

Enerji bazarı üzrə analitiklər bildirirlər ki, bir neçə həftə əvvəl benzinin orta qiyməti təxminən 3 dollar səviyyəsində idi. Lakin geosiyasi risklərin artması fonunda qiymətlər qısa müddətdə kəskin şəkildə yüksəlib.

Ekspertlərin fikrincə, əgər Yaxın Şərqdə gərginlik davam edərsə və Hörmüz boğazında neft daşımaları ilə bağlı təhlükələr qalarsa, ABŞ-də benzinin qiymətləri yaxın aylarda daha da arta bilər. Bu isə həm nəqliyyat xərclərinə, həm də ümumi inflyasiyaya əlavə təzyiq yarada bilər.

Hazırda ABŞ-nin bəzi ştatlarında yanacağın qiyməti artıq milli orta göstəricini də keçib və bir qallon benzinin qiyməti 4 dollara yaxınlaşır.
  • Sosial şəbəkədə paylaş