Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

Beynəlxalq telekommunikasiya operatoru RETN Rumıniya üzərindən Balkanları, Moldovanı və Ukraynanı birləşdirən yeni optik maqistral xətt istifadəyə verib.

Bildirilib ki, layihə regionda rəqəmsal bağlantının və məlumat axınının dayanıqlığını artırmağa hesablanıb. Yeni xətt Drobeta-Turnu Severin, Buxarest, Yaş və Kişinyov istiqamətində uzanır və Rumıniya ilə Moldovanı RETN-in Budapeşt–Timişoara–Sofiya xəttini əhatə edən Balkan dəhlizinə birləşdirir. Bununla da, Şərqi və Cənub-Şərqi Avropada alternativ rəqəmsal marşrut formalaşdırılır.

Şirkətin biznesin inkişafı üzrə direktoru Elena Lutsenkonun sözlərinə görə, layihə Rumıniyada bağlantı dayanıqlığının gücləndirilməsi baxımından mühüm addımdır. O bildirib ki, Buxarest və Yaş şəhərləri sürətlə texnologiya və biznes mərkəzlərinə çevrilir, buna görə də yüksək ötürmə qabiliyyətinə malik infrastruktura tələbat artır.

Rumıniya mediasının yazdığına görə, yeni xətt Ukraynaya Moldova üzərindən, Balkanlara isə Bolqarıstan vasitəsilə alternativ marşrutların yaradılmasına imkan verir.
  • Sosial şəbəkədə paylaş