Rusiya ordusunda1000-dən çox hərbçi intihar edib

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ən azı 1087 rusiyalı hərbçi həyatına qəsd edib.

Bu barədə Britaniyanın nüfuzlu "The Guardian" nəşri araşdırma yayımlayıb. Qəzet bu nəticəyə Rusiya Federal Dövlət Statistika Xidmətinin ("Rosstat") bazasından sızdırılmış 11 milyondan çox ölüm qeydini təhlil etdikdən sonra gəlib. Sözügedən məxfi məlumat bazası Belarusun müxalif "Kiberpartizanlar" və Ukraynanın "Silent Crow" haker qrupları tərəfindən ələ keçirilərək nəşrə təqdim edilib. Araşdırmaya görə, intihar faktları ilə yanaşı, Ukrayna ərazisində və Rusiyanın sərhədyanı bölgələrində hərbçilər arasında daha 885 ölüm halı "niyyəti müəyyən edilməmiş" odlu silah yaralanması kimi qeydiyyata alınıb.

Ekspertlər bu kateqoriyaya aid edilən ölümlərin bir hissəsinin də əslində intihar olduğunu, lakin rəsmi statistikada gizlədildiyini istisna etmirlər. "Rosstat"ın sızdırılmış sənədləri Rusiya ordusunda intiharların ilbəil kəskin artdığını göstərir. Belə ki, 2022-ci ildə 50-dən bir qədər çox olan rəsmi intihar sayı 2025-ci ildə 365-ə yüksəlib. 2026-cı il ərzində isə bazada artıq 300-ə yaxın bu cür hal qeydə alınıb. "The Guardian"ın təsdiqlədiyi ən azı 614 intihar hadisəsi bilavasitə Ukraynanın işğal olunmuş ərazilərində, eləcə də Rusiyanın Belqorod və Bryansk kimi sərhədyanı vilayətlərində baş verib. Cəbhə zonasında həyatına qəsd edənlərin 43 nəfəri 18-19 yaşlı gənc əsgərlər olub.

Bundan əlavə, cəbhədən kənarda — Rusiyanın digər bölgələrində intihar edən 25 yaşdan aşağı 108 hərbçinin də adı siyahıda yer alıb. Hərbi analitiklər və hüquq müdafiəçiləri Rusiya ordusundakı intihar dalğasını cəbhədəki ağır itkilər, komandirlərin amansız təzyiqi, sərt intizam qaydaları, fiziki zorakılıq halları və ölümcül döyüş tapşırıqları qarşısındakı qorxu ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, real rəqəmlər açıqlanan statistikadan xeyli yüksəkdir, çünki komandanlıq bölmənin nüfuzuna xələl gətirməmək üçün cəbhədə baş verən bir çox intihar hadisəsini sənədlərdə "döyüş itkisi" kimi rəsmiləşdirir.
  • Sosial şəbəkədə paylaş