Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

Otuz ildən çox müddətdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uğurla davam etdirilən əməkdaşlıq ölkəmizin enerji sektorunun inkişafına mühüm töhfə verib.

Вunu SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransın “İkitərəfli ticarətin və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda açılış sessiyasında çıxışında deyib.

ABŞ şirkətlərinin Azərbaycanın iri neft-qaz layihələrində iştirak edən ilk tərəfdaşlardan olduğunu söyləyən SOCAR prezidenti bu əməkdaşlığın möhkəm təməlinin “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulduğunu bildirib.

Ötən illər ərzində SOCAR ilə ABŞ şirkətləri arasında səmərəli əməkdaşlığın enerji sektorunun müxtəlif istiqamətlərində genişləndiyini söyləyən Rövşən Nəcəf bu tərəfdaşlığın kəşfiyyat və hasilat ilə yanaşı, mühəndislik, rəqəmsal texnologiyalar və dayanıqlılıq təşəbbüslərinə qədər mühüm istiqamətləri əhatə etdiyini vurğulayıb. Xüsusilə, süni intellektin biznesdə istifadəsinin geniş vüsət alması ilə Data mərkəzlərinin yaradılmasına tələbatın artdığı bir dövrdə bu məsələnin də diqqət mərkəzində olduğunu qeyd edib.

SOCAR prezidenti Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya etibarlı təbii qaz tədarükləri həyata keçirdiyini bildirərək ölkəmizin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Rövşən Nəcəf strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu və uzun illər ərzində formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayəsində Azərbaycanın regional enerji mərkəzi və Xəzər regionuna açılan mühüm qapı kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd edib.

“SOCAR ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay və maraq əldə etməkdə çox maraqlıdır və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə prosesi gedir”, - deyə o, əlavə edib.
  • Sosial şəbəkədə paylaş