“Azpetrol” şirkəti 29 yaşını qeyd edir

Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti fəaliyyətinin 29-cu ildönümünü qeyd edir.

Ötən illər ərzində şirkət dinamik inkişaf yolu keçərək ölkənin enerji sektorunda aparıcı mövqelərdən birini tutub, yanacaqdoldurma məntəqələrinin sayını 109-a çatdırıb.

Son illərdə “Azpetrol”un strateji prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərdə fəaliyyətin bərpası və genişləndirilməsi olub. Şirkət Zəngilan, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Xankəndi, Hadrut, Əsgəran və Suqovuşan kimi bölgələrdə modul tipli yanacaqdoldurma məntəqələri quraraq “Böyük Qayıdış” prosesinə öz töhfəsini verib. Bu layihələr regionların iqtisadi canlanmasına, infrastrukturun inkişafına və məşğulluğun artırılmasına xidmət edir.

“Azpetrol” 29 il ərzində sadə yanacaqdoldurma şəbəkəsindən ölkə üzrə geniş infrastruktura malik, çoxşaxəli xidmətlər təqdim edən və regional inkişaf proseslərinə inteqrasiya olunmuş iri şirkətlərdən birinə çevrilib. Şirkətin əsas məqsədi bundan sonra da texnoloji yeniliklərin tətbiqi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi və ölkənin enerji infrastrukturunun inkişafına töhfə verməkdir.

Qeyd etmək lazımdır ki, “Azpetrol” şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sahibkarlığın və bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirilən islahatların nəticəsində mümkün olub. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft strategiyasının əsasını qoyaraq özəl sektorun inkişafına mühüm təkan verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyasının prioritetləri bu gün də “Azpetrol”un fəaliyyət istiqamətlərinin əsas yol xəritəsidir.

Şirkətin ilk yanacaqdoldurma məntəqəsi – “Spartak” YDM 1997-ci il iyulun 15-də Bakının Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında fəaliyyətə başlayıb.

Yalnız yanacaq satışı ilə kifayətlənməyən “Azpetrol” xidmət spektrini davamlı şəkildə genişləndirib. Şirkətin fəaliyyət istiqamətlərinə maye qaz (LPG) və sıxılmış təbii qaz (CNG) infrastrukturu, elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri, motel və hotel xidmətləri daxildir. Bu yanaşma “Azpetrol”u klassik yanacaqdoldurma məntəqəsi operatorundan daha çox, kompleks xidmət platformasına çevirib. Yüksək keyfiyyət, dürüstlük, şəffaflıq və müştəri məmnuniyyəti şirkətin fəaliyyətinin əsas prinsipləri olaraq qalır.

“Azpetrol” şirkətinə məxsus olan “Wyndham Garden Baku” hoteli 2022-ci il oktyabrın 25-də fəaliyyətə başlayıb. Hotelin rəsmi açılış mərasimi isə 2023-cü il yanvarın 27-də keçirilmişdir. Beynəlxalq standartlara uyğun xidmət göstərən hotel müasir infrastrukturu, yüksək xidmət keyfiyyəti və geniş imkanları ilə seçilir. “Wyndham Garden Baku” fəaliyyətə başladığı gündən həm yerli, həm də xarici qonaqlar üçün etibarlı və rahat yerləşmə məkanı kimi öz mövqeyini möhkəmləndirib.

Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi rayonlarını əhatə edən, ən müasir avadanlıqlarla təchiz olunmuş 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qaz (LPG) məntəqəsi və müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı fəaliyyət göstərir. Yanacaq məhsullarının saxlanılması məqsədilə şirkətin 3 neft bazası və 1 avtobazası mövcuddur. Şirkətin avtomobil parkına ümumilikdə 167 yük avtomobili daxildir. Bunlardan 162-si yanacaqdaşıyan yük avtomobili, 1-i şambo, 1-i yük avtomobili, 1-i buksir və 2-si maye daşıyan avtomobildir. Bundan əlavə, 8 sıxılmış təbii qaz postu, 4 maye qaz postu və 75 elektrik avtomobili doldurma postu fəaliyyət göstərir.

Şirkətin xidmət şəbəkəsinə 1 hotel, 8 motel və əksər yanacaqdoldurma məntəqələrində fəaliyyət göstərən müxtəlif iaşə və xidmət obyektləri daxildir. Hazırda “Azpetrol”da 4000-dən çox əməkdaş çalışır.

“Azpetrol” fəaliyyət göstərdiyi bütün sahələrdə innovasiyaların tətbiqinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və müştəri məmnuniyyətinin təmin edilməsinə xüsusi önəm verir.
  • Sosial şəbəkədə paylaş