Akif Qurbanova cinayət işi açıldı

“Toplum TV”nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanova cinayət işi açılıb.

Bu barədə vəkil Şəhla Hümbətova bildirib.

Vəkilin sözlərinə görə, Akif Qurbanov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

O, 48 saat ərzində barəsində həbs qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəməyə çıxarılacaq.

22:35

“Toplum” TV-nin ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən medianın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir.

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”, - deyə məlumatda bildirilib.
  • Sosial şəbəkədə paylaş