Aİ Gürcüstanın üzvlük ərizəsini dondura bilər

"The Financial Times" son günlər Gürcüstan və Avropa İttifaqı (Aİ) rəsmiləri arasında aparılan müzakirələrə yaxın mənbəyə istinadən yazır ki, Aİ Gürcüstanın bloka üzvlük ərizəsini dondurmaq niyyətindədir.

Belə bir qərar xaricdən maliyyə alan təşkilatların "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edən mübahisəli qanun layihəsinin qəbulu ilə izah olunur.

Gürcüstanın qanunverici orqanı kütləvi etirazlara və bu təşəbbüsün ölkənin Avro-Atlantik istəklərini təhlükə altına salması barədə Qərbin xəbərdarlıqlarına məhəl qoymadan həmin qanun layihəsini dünən, mayın 14-də səs çoxluğu ilə qəbul edib.

"Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftəsonu Gürcüstan tarixindəki ən böyük etirazların bəzilərini gördük. On minlərlə dinc etirazçı hədə-qorxu taktikasından qorxmayaraq öz hökumətlərini bu qanuna qarşı çıxmağa çağırıblar, çünki onlar Avro-Atlantik gələcək istəyirlər. Görək parlament nə edir, lakin bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək", - Ağ evin mətbuat katibi bildirib.
  • Sosial şəbəkədə paylaş