21 dekabr 1991: Almatıda MDB yaradıldı

1991-ci il dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində keçmiş SSRİ-yə daxil olmuş 15 respublikadan 11-nin dövlət və hökumət başçısı Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında deklarasiyanı imzaladı. Bu sənəd Sovet İttifaqının faktiki olaraq tarix səhnəsindən getməsini rəsmiləşdirən əsas siyasi aktlardan biri kimi qiymətləndirilir.

Almatı görüşündə imzalanan deklarasiya ilə Müstəqil Dövlətlər Birliyinin siyasi və hüquqi əsasları müəyyənləşdirildi. Sənəddə qeyd olunurdu ki, MDB-yə üzv dövlətlər müstəqil, suveren və beynəlxalq hüququn subyekti olan dövlətlərdir, aralarında münasibətlər isə bərabərlik, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulacaq.
  • Sosial şəbəkədə paylaş