Ölkədə asbest inşaat materialı qadağan edilir

Azərbaycan sənaye və tikinti sektorunda təhlükəli material hesab olunan asbestin istifadəsini tam qadağan etməyi planlaşdırır. Məlumatlara görə, “Mülki dövriyyədən çıxarılan əşyaların siyahısı haqqında” Qanuna təklif edilən dəyişiklik Milli Məclisin 26 dekabr iclasının gündəliyinə daxil edilib. Qanun qəbul edilərsə, qadağa 1 iyul 2027-ci il tarixindən qüvvəyə minəcək.

Asbest nədir və harada istifadə olunur?

Asbest - incə liflərdən ibarət mineral maddədir. Onun yüksək istilik müqaviməti, kimyəvi maddələrə dayanıqlığı və uzunömürlülüyü səbəbindən uzun illər tikinti materialları, izolyasiya məhsulları, sement və şifer istehsalında geniş istifadə olunub. Azərbaycanda da bu material xüsusilə dam örtüklərində tətbiq olunub.

Son elmi araşdırmalar göstərir ki, asbestin lifləri insan orqanizminə daxil olduqda ağciyər xərçəngi, mezotelyoma və xroniki ağciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinə yol açır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, asbest bütün formalarda kanserogen hesab olunur. Liflər nəfəs yolu ilə daxil olduqda xəstəliklərin inkişafı illərlə davam edə bilər və müalicəsi çətindir.

Asbestdən istifadə bir çox ölkələrdə qadağan edilib. Avropa Birliyi ölkələri, Yaponiya, Avstraliya və Kanada bu materialdan tam imtina edib. Qadağan olunan ölkələrdə məqsəd işçilərin və ictimaiyyətin sağlamlığını qorumaqdır. Hələ də bəzi ölkələrdə - Çin, Hindistan, Rusiya və ABŞ müəyyən tətbiqlərdə asbestdən istifadə davam edir.
  • Sosial şəbəkədə paylaş