3 milyona yaxın vətəndaşın banklara kredit ödəyir

Müxtəlif statistik məlumatlara əsasən ölkə əhalisinin orta hesabla 20-25 faizinin banklara kredit borcu var. Bəzi mənbələrdə bu göstəricinin 30 faizə qədər yüksəldiyi bildirilir. Ümumilikdə təxminən 3 milyona yaxın vətəndaşın banklardan kredit götürdüyü qeyd olunur ki, bu da əhalinin əhəmiyyətli hissəsini əhatə edir.

İnkişaf etmiş ölkələrdə kreditləşmənin geniş yayılması adətən müsbət iqtisadi göstərici hesab olunur. Çünki kredit mexanizmi iqtisadi artımın, istehlakın və investisiyanın əsas hərəkətverici alətlərindən biridir. Lakin kredit portfelinin həddindən artıq şişməsi, xüsusilə də vətəndaşların ödəmə qabiliyyətinin zəifləməsi gələcəkdə problemli kreditlərin artmasına və maliyyə sabitliyi üçün risklərin yaranmasına səbəb ola bilər.

Hazırda istehlak kreditləri üzrə illik faiz dərəcələri təxminən 26 - 29 faizə qədər yüksəlir. Biznes kreditlərində isə bu aralıq əsasən çox yüksək faiz civarındadır. Əlbəttə, həm istehlakçılar, həm də sahibkarlar faizlərin yüksək olmasından tam razı deyil. Lakin faiz dərəcələri yalnız bankların qərarı ilə formalaşmır. Burada milli valyutanın dayanıqlığı, inflyasiya səviyyəsi, ölkənin makroiqtisadi vəziyyəti və pul-kredit siyasəti mühüm rol oynayır.

İqtisadiyyat gücləndikcə və maliyyə sabitliyi daha da möhkəmləndikcə faizlərin mərhələli şəkildə azalması mümkündür. Ancaq cari il üçün faiz dərəcələrinin ciddi şəkildə enəcəyini gözləmək real görünmür. Ümumilikdə kreditləşmə iqtisadi inkişafın vacib elementi olsa da, onun sağlam və balanslı şəkildə idarə olunması əsas şərtdir.
  • Sosial şəbəkədə paylaş