Kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimləri keçirilib.

Bu barədə mediaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Xəbərdə deyilir ki, kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda faciə qurbanlarının ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Anım mərasimləri çərçivəsində Dağ Yəhudiləri Sinaqoqu, Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi, o cümlədən “Yeddinci Günün Adventistləri”, “Molokan ruhani xristian” və Bakı Krişna Şüuru dini icmalarında dini ayinlər icra edilib.

Çıxış edən dini icma rəhbərləri və nümayəndələri Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı tötədilmiş cinayət olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin təmin olunması mühüm əhəmiyyət kəsb edir. Tədbirlərdə bildirilib ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların milli məsələlərdə həmrəylik nümayiş etdirməsi cəmiyyətimizdəki birliyin, qarşılıqlı hörmət və etimad mühitinin təzahürüdür.
  • Sosial şəbəkədə paylaş