Erməni uşaqlar Qarabağda hərbi fəaliyyətə cəlb edilirlər

2020-ci ildə Azərbaycanla Ermənistan arasında beş vermiş 44 günlük müharibə nəticəsində uzun illər işğal altında qalmış Azərbaycan əraziləri azad edilərək ölkənin beynəlxalq hüquqla təsbit edilmiş ərazi bütövlüyü bərpa edilib. Hazırkı postkonflikt dövründə iki ölkə arasında aparılan danışıqlarda, əsasən, sülh müqaviləsinin imzalanması, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası, o cümlədən kommunikasiyaların qarşılıqlı əsaslarla açılması əsas müzakirə mövzularıdır.

Cari ilin aprel ayından etibarən iki ölkə sərhədinin Laçın istiqamətində rəsmi Bakı tərəfindən nəzarət-buraxılış və gömrük məntəqələrinin qurulması bir daha Qarabağ münaqişəsinin tarixə qovuşduğunu göstərən mühüm nəticə idi. Təsadüfi deyil ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam şəkildə təmin olunduğunun göstəricisi hesab edilən “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından sonra Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağın Azərbaycan Respublikasının ərazisi olduğu ölkə ictimaiyyəti qarşısında rəsmən bildirildi.

Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağın dağlıq ərazilərində özünü erməni əhalisinin rəhbərləri kimi qələmə verən bir qrup şəxsin separatçı düşüncələri və buna uyğun atdıqları addımlar davam etməkdədir. Qarabağın daxilində qanunsuz erməni silahlı qruplaşmalarının yerdəyişməsi və müxtəlif istiqamətlərdə hərbi təlimlərin aparılması prosesi hələ də müşahidə edilir.

Son vaxtlarda separatçılar tərəfindən intensivləşən hərbi fəaliyyətlərdə yetkinlik yaşına çatmayan erməni uşaqlardan istifadə edilməsi halları yenidən üzə çıxır. Bir neçə gün öncə Qarabağda azyaşlı uşaqların hərbi formada hərəkət etdikləri kadrların olduğu video erməni bloqerlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
  • Sosial şəbəkədə paylaş