Azərbaycanın üç cüdoçusu İslamiadanın finalında çıxış edəcək

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha iki Azərbaycan cüdoçusu finala çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Könül Əliyeva (48 kq) yarımfinalda Əzizə Şakiri (Mərakeş) məğlub edib. Onun finaldakı rəqibi meydan sahibi Türkiyə idmançısı Tuğce Beder olacaq.

Bu çəkidə yarışan Azərbaycanın daha təcrübəli digər cüdoçusu Leyla Əliyeva isə yarımfinalda həmin Bederə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Umayma Bediui (Tunis) ilə qarşılaşacaq.

Nəriman Mirzəyev (73 kq) qırğızıstanlı Çingizxan Saqınəliyevi məğlub edərək finala çıxıb.

Bu çəkidə çıxış edən Telman Vəliyev isə təsəlliverici yarışda Ud Zurdanini (Əlcəzair) məğlub edib. Vəliyevin bürünc medal üçün rəqibi Faye Njie (Qambiya) olacaq.

Qeyd edək ki, həlledici görüşlər bu gün saat 17:00-dan etibarən başlayacaq.

16:28

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. O, finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin digər idmançılarımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

15:12

Ölkəmizi Konya V İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçumuz Telman Vəliyev (-73 kq) ilk görüşündə iranlı rəqibinə qalib gəlib.

Bununla bağlı Azərbaycan Milli Olimpiya Komitəsi məlumat yayıb.
  • Sosial şəbəkədə paylaş