Rusiyada azərbaycanlının gecə klubunda yanğın: 15 nəfər ölüb, saxlanılan var

Rusiyanın Kostroma şəhərində gecə klubunda baş verən yanğın 15 nəfərin həyatına son qoyub. 60-dan çox xəsarət alan var. Yanğın zamanı binada 200-dən çox adam olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Yanğından sonra insanlar həmin gecə klubunda olan qohumlarını axtarırlar. Onların telefonlarına zəng çatmır.

Kostroma sakini deyir: “Üç nəfəri itirmişik, onlar bizim qohumlarımızdır. İndi şəhər xaos içindədir. Çoxlu itkin düşən insan var. Heç kim məlumat vermir. Ölən və yaralananların siyahısı yoxdur. İki xəstəxanaya getdik, orada bizim adamlar tapılmadılar. Onları harada axtaracağımızı bilmirik. Morqlara da getdik, tapmadıq”.

Sakinlərin dediklərinə görə, “Poliqon” şəhərin təxminən 20 il əvvəl tikilən ən böyük və ən qədim gecə klubu hesab edilir.

Kostroma vilayət dumasının deputatı, “Poliqon” kafesinin sahibi İxtiyar Mirzəyev doğmaları və yaxınları yanğında həlak olan ailələrə maddi yardım edəcək.

“Həlak olanların ailələrinə və yaxınlarına bütün lazımi yardımı göstərəcəyəm. Ailələrə həm maddi, həm də təşkilati dəstək verəcəyəm”, - onun Kostroma vilayət qubernatorunun mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

Mirzəyev yanğın zamanı həlak olanların yaxınlarına başsağlığı verib.

“Mən əməkdaşlarıma istintaq orqanlarına hər cür köməklik göstərməyi tapşırmışam”, - deyə o vurğulayıb.

10:46

Ölümlə nəticələnən yanğının baş verdiyi Kostromadakı kafe vilayət dumasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsusdur.

O, 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində doğulub.

Pirotexniki vasitədən istifadə edən şəxs barəsində cinayət işi başladılıb.

Qeyd edək ki, faciə nəticəsində həlak olanların sayı artıq 15 nəfərə çatıb.

Rusiyada azərbaycanlının gecə klubunda yanğın: 15 nəfər ölüb, saxlanılan var
  • Sosial şəbəkədə paylaş