Qorqud Ata Türk Dünyası Film Festivalı başa çatdı - qaliblər sırasında Azərbaycan da var

Türkiyənin Bursa şəhərində 5 gündür davam edən Qorqud Ata Türk Dünyası Film Festivalı uğurla başa çatıb.

Azərbaycan mediasının tədbirdə iştirak edən əməkdaşı bildirir ki, yüksək səviyyədə təşkil olunan tədbirdə Türk dövlətlərinin, həmçinin türklərin yaşadığı bir sıra ölkələrin kino xadimləri, rəsmi şəxsləri, media nümayəndələri, həmçinin çoxsaylı tamaşaçılar qatılıb.

İştirakçılar sırasında olan böyük sənətkar Türkan Şorayı zal ayaqda alqışladı. Öncə Türk xalqının əzəmətindən bəhs edən, mədəniyyətini, milli kimliyini, incəsənətini özündə ehtiva edən musiqi nömrələri, rəqslər təqdim olunub. Daha sonra 5 ölkənin kino yaradıcılarına (Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə) Türk mədəniyyətinə xidmət ödülü təqdim olunub. Vəfa ödülünə Osman Sınav Türkiyə) layiq görüldü. Ən yaxşı belgesel filmləri ilə bağlı mükafat da sahiblərinə verildi. Bu sırada Türkiyə də vardı, “Balkanların türkcə hafizəsi” filminə görə.

Türkiyə Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy çıxışında Film Festivalının iştirakçı və qaliblərini təbrik etdi, bu birliyin, əməkdaşlığın uğurla davam etdirilməsi vacibliyindən danışdı.

Türk Dünyası Film Festivalında müsabiqədə iştirak edən Azərbaycan filmləri də böyük maraqla qarşılanıb. Festivalda Azərbaycandan "Dalan" (Teymur Şahinoğlu) filmi də liderlik uğrunda mübarizə aparıb. Müsabiqədən kənar isə "Dəli Kür" (bərpa olunmuş versiya) və "Otel otağı" filmləri nümayiş olunublar. “Ən yaxşı rejissor işi” nominasiyası üzrə Qorqud Ata mükafatına Azərbaycanın Xalq artisti, dövlət mükafatı laureatı Vaqif Mustafayev (“Həyat deyəsən gözəldir” filminə görə) layiq görülüb.
  • Sosial şəbəkədə paylaş