Zəngilan Beynəlxalq Hava Limanında işlər avqustda tamamlanacaq

Bu il avqust ayının sonunda Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləri tamamlanacaq.

Вu barədə "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

O qeyd edib ki, tikinti işlərinə 2021-ci ilin aprelin 26-da başlanılıb, may ayında isə ANAMA tərəfindən ərazinin minalardan və PHS-dan təmizlənməsinə start verilib

"Paralel olaraq təmizlənmiş ərazidə "AzVirt" şirkəti tərəfindən uzunluğu 3 kilometr, 60 metr olan uçuş-enmə zolağının torpaq qatının qazıntısı aparılıb. Sahəsi 60 min kvadrat metr olan və 8 hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan sükan yolunun tikintisinə başlanılıb. Bu müddət ərzində paralel olaraq sahəsi 5 min kv. metr olan terminal binasının dəmir-beton konstruksiyası işləri görülüb. Artıq dəmir-beton konstruksiya işləri tamamlanıb, dam örtüyünün bağlanması üzrə iş gedir. İşin 80 faizi yerinə yetirilib və yaxın günlərdə bu işlər də yekunlaşacaq", - deyə o bildirib.

V.Əmiraslanov əlavə edib ki, hava limanının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 10 kilometr olan 35 kVt/saatlıq hava xətti çəkilib, gücü 1000 kVt/saat olan yarımstansiyasının inşası başa çatdırılıb.
  • Sosial şəbəkədə paylaş