“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin hesabatı, aparılan yoxlamaların nəticəsi və strategiya - MÜSAHİBƏ

Bu günlərdə ölkənin kapital bazarlarında ən böyük ticarət həcminə malik “PAŞA Kapital İnvestisiya Şirkəti”ndə Mərkəzi Bank tərəfindən yoxlamaların nəticəsi ilə bağlı mediada xəbər yayımlanıb. Yoxlamaların nəticəsi, həmçinin növbəti illərlə bağlı strateji planlama ilə bağlı investisiya şirkətinin direktoru - Ceyhun Hacıyev müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- 2023-cü ili “PAŞA Kapital” üçün necə dəyərləndirirsiniz?

- Cari ilin yanvar-iyul aylarında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 3 041 əməliyyat sayı, 8 milyard 39 milyon 354 min 228 manat dövriyyə ilə hazırda bazarda ilk yerdə mövqelənib. Şirkətin əməliyyat həcmi keçən il ilə müqayisədə 45% artmışdır. Bu göstəricilərə əsasən deyə bilərəm ki, şirkətimiz hər növbəti il artan tempdə irəliləyir və Azərbaycan kapital bazarında liderlik mövqeyini qorumaqda davam edir.

- Bu göstəricilərə hansı xidmətlərin inkişafı ilə nail olmusunuz?

- Son illərdə biz kapital bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində: Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında aktiv investisiya xidmətləri təqdim edirik. Həmçinin “PAŞA Kapital” yerli investorlara xarici alətlərə yatırım etmək imkanı verməkdədir.

- Mərkəzi Bankın son yoxlamaları ilə bağlı “PAŞA Kapital”da bir sıra nöqsanlar aşkarlanıb. Bunun səbəbi nədir?

– Sözsüz ki, şirkətin fəaliyyət dövrü ərzində artan statistik göstəriciləri göstərilən xidmətlərinin müştəri tələbinə uyğun strukturlaşdırılması və investorlara şəffaf xidmət göstərilməsinin nəticəsidir. “PAŞA Kapital” xidmətlərini hər zaman daha da təkmilləşdirməyə davam etməkdədir. Son günlərdə Mərkəzi Bank tərəfindən aparılan yoxlamalar zamanı müəyyən məsələlərin doğurduğu nöqsanlara toxunulub. Daha çox texniki səbəblərlə, həmçinin müvafiq hüquqi normativ bazanın doğru şəkildə interpretasiya olunmaması və buna görə ona tam şəkildə riayət edilməməsindən irəli gəlmiş bu nöqsanlar artıq aradan qaldırılmaqdadır. Bununla yanaşı şirkətimizdə daxili nəzarət sistemi daha da gücləndirilməkdədir. Şirkətin strategiya və strukturunda yeniliklər olduğunu nəzərə alaraq qeyd etmək istərdim ki, yaranmış bu çatışmazlıqların bir daha təkrar olmamasına çalışacağıq. Dövlət qurumunun bu istiqamətdə apardığı siyasət və atılan addımlar kapital bazarlarının inkişafına töhfə vermək yönümündədir. Bu kimi tədbirlərin ilk olaraq ölkənin ən böyük investisiya şirkətindən başlanmasını təqdir edir və nöqsanların zamanında aşkar olunmasının şirkətin cari strategiya planına xüsusi dəyər qatdığını dərk edirik.

- Şirkətin 3 illik strategiya planına hansı tədbirlər daxildir?

- “PAŞA Kapital” yerli və xarici bazarlarda investorlara daha əlçatan və keyfiyyətli investisiya həllərinin təqdim edilməsi üzrə xidmətlərini daim mükəmməlləşdirir və Azərbaycan maliyyə bazarında olan innovativ yanaşmasını daha geniş şəkildə tətbiq etməyə hazırlaşır. Strategiyamızda Azərbaycan kapital bazarının inkişafına xüsusi yer ayrılıb. Belə ki, növbəti illər ərzində mövcud xidmətlərimizin daha avtomatlaşmış və rəqəmsalyönümlü olmasına çalışmaqla yanaşı bir neçə yeni məhsul və xidmətlərimizi yaratmağı planlayırıq. Əsas strateji hədəflərimizdən biri də məhz bu planlar çərçivəsində daha çox fiziki şəxslər üzrə xidmət faydalılığını və keyfiyyətini artırmaqdır. Həmçinin şirkət bu üçillik inkişaf strategiyasında insan kapitalının inkişafına xüsusi yer ayırıb. Bununla bağlı bir sıra təcrübə proqramları elan edərək potensial kadrların yetişdirilməsində əsaslı rol oynayıb. Onu da qeyd edə bilərəm ki, şirkətdaxili elan olunan təcrübə proqramları zamanı Azərbaycan Respublikasının müxtəlif təhsil müəssisələrinin tələbə və məzunları investisiya sahəsi üzrə nəzəri və praktiki biliklərə yiyələnir, eləcə də gələcək karyera planlamalarını edir.
  • Sosial şəbəkədə paylaş