Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“2023-cü ilin əvvəli yuvarlaq tarixlə - Qırğız Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlamətdardır. Bu tarixi hadisə münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.

Fəxr edirəm ki, xalqlarımız arasında çoxəsrlik dostluq, dil, mədəniyyət, din və tarix baxımından yaxınlıq tellərinin möhkəm bünövrəsi üzərində qurulmuş qarşılıqlı münasibətlər dövlətlərarası və diplomatik status kəsb edib.

Ticari-iqtisadi, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə ötən il bizim aprel və oktyabr aylarındakı qarşılıqlı səfərlərimizin yekunlarına əsasən strateji müstəviyə qalxmış siyasi əlaqələrimizin birgə səylərimizlə əldə edilmiş səviyyəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, birgə səylərimiz sayəsində xalqlarımız arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, gələcəkdə də ardıcıl xarakter daşıyacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Sadır Japarova məktub ünvanlayıb.
  • Sosial şəbəkədə paylaş