Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaq.

Bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir.

“Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
  • Sosial şəbəkədə paylaş