Aşura günü keçirilən qanvermə aksiyaları Azərbaycanda xeyirxah ənənəyə çevrilib

Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyaları artıq Azərbaycanda formalaşmış xeyirxah ənənələrdən birinə çevrilib. Bu aksiyalar Kərbəla hadisəsinin mahiyyəti və mənəvi dəyərləri ilə vəhdət təşkil edir.

Bu fikirləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif qurumlarında, o cümlədən dini ibadət məkanlarında Aşura günlərində mütəmadi olaraq qanvermə aksiyaları təşkil edilir və toplanan qan ehtiyacı olan insanlara çatdırılır.

“Bu təşəbbüslər Aşura gününün fəlsəfəsi, mahiyyəti və ruhu ilə tam şəkildə üst-üstə düşür. Buradakı əsas məqsəd xeyirxah niyyətlə ehtiyacı olan insanlara yardım göstərməkdir”, – deyə E.Mustafayev bildirib.

İctimai Şuranın sədri qeyd edib ki, Aşura günü ilə bağlı bədənə xəsarət yetirmək və ya milli-mənəvi dəyərlərə uyğun olmayan davranışlar sərgiləmək hadisənin mahiyyəti ilə ziddiyyət təşkil edir.

E.Mustafayev vurğulayıb ki, Kərbəla hadisəsinin fəlsəfəsində ümumbəşəri ideyalar, yüksək mənəvi-əxlaqi dəyərlər və xeyirxah məqsədlər dayanır. Bu baxımdan qanvermə aksiyaları Aşura və Kərbəla hadisəsinin mahiyyətinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
  • Sosial şəbəkədə paylaş