Başlıbel qətliamı şəhidləri məzarlığına keçid üçün asma körpü quruldu

Kəlbəcər rayonunun Başlıbel kəndində erməni silahlı birləşmələri tərəfindən törədilmiş qətliamın qurbanı olan şəhidlərin məzarları abadlaşdırılıb.

KİV-in məzarlığı ziyarət edən əməkdaşı xəbər verir ki, həyata keçirilən abadlıq işləri çərçivəsində qəbirlərin üstü götürülüb və betonla daha keyfiyyətli qurulub, şəhidlərin fotoları olan lövhələr yerləşdirilib.

Məzarlıqda gələcəkdə abidə kompleksinin qurulması üçün xüsusi guşə yaradılıb. Məzarlıq dəmir torla əhatəyə alınıb.

Qətliam şəhidlərinin dəfn olunduğu ərazi çətin keçilən relyefə malikdir və avtomobil yolu yoxdur. Gediş-gəlişi asanlaşdırmaq üçün asma körpü bugünlərdə inşa edilərək qurulub istifadəyə verilib. Sözügedən bərpa-tikinti işləri şəhid ailələrinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşdırılıb.

Qeyd edək ki, 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Başlıbel kəndinin 60-dan yuxarı sakini kəndi tərk etməyib kahalara sığınıblar. Qadınların, azyaşlı uşaqların, yaşlı insanların da olduğu sakinlərin yerlərini erməni silahlı birləşmələri 18 aprel 1993-cü ildə müəyyən ediblər. Həmin gün Başlıbelin dinc sakinlərinə qarşı amansız qətliam həyata keçirilib. Kəndin bir qrup sakini uzun müddət dağlarda və mağaralarda gizlənməyə məcbur qalsa da, onların bir qismi amansızlıqla qətlə yetirilib. Başlıbel qətliamı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən biri kimi tarixə düşüb.

Bu gün Başlıbel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər onların unudulmadığını, dövlət və cəmiyyət tərəfindən daim ehtiramla yad edildiyini bir daha nümayiş etdirir.
  • Sosial şəbəkədə paylaş