Tramp İran xalqını üsyana səslədi: “Qurumları ələ keçirin, kömək yoldadır”

ABŞ prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyalarına növbəti dəfə açıq və sərt dəstək nümayiş etdirib.

Tramp sosial şəbəkə hesabında yayımladığı sensasion müraciətlə İran xalqını mübarizəni genişləndirməyə və dövlət institutlarını ələ keçirməyə çağırıb.

“İranlı vətənpərvərlər, etirazları davam etdirin – qurumlarınızı ələ keçirin! Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun əvəzini çox ağır ödəyəcəklər”, – deyə Tramp paylaşımında bildirib.

ABŞ prezidenti eyni zamanda Tehranla bütün siyasi-diplomatik təmasların dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, İranda etirazçıların öldürülməsi davam etdiyi müddətdə İran rəsmiləri ilə heç bir görüş baş tutmayacaq.

“Etirazçıların əsassız şəkildə qətlə yetirilməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Bu zorakılıq bitməlidir”, – Tramp vurğulayıb.

ABŞ liderinin ən çox diqqət çəkən mesajı isə açıq təhdid və açıq ümid xarakteri daşıyan çağırışı olub. Tramp bildirib ki, Vaşinqton prosesləri yaxından izləyir və İran xalqı tək deyil:

“Kömək yoldadır”, – deyə ABŞ prezidenti sensasion müraciətində qeyd edib.
  • Sosial şəbəkədə paylaş