Sergey Məlikov Dağıstan rəhbəri vəzifəsindən gedir

Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbəri Sergey Məlikovun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq onun başqa vəzifəyə keçəcəyini açıqlayıb.

Bu açıqlama Rusiya liderinin respublika Xalq Məclisinin nümayəndələri ilə görüşü zamanı səsləndirilib. “Respublikanın hazırkı rəhbəri Sergey Məlikovun səlahiyyət müddəti sentyabr ayında başa çatır. O, çox iş görüb. Biz buna görə ona minnətdarıq. Lakin o, başqa vəzifəyə keçir, həyat davam edir”, - deyə Putin qeyd edib.

Görüşdə regionun gələcək rəhbərinin seçkiləri ilə bağlı məsələlər də müzakirə olunub. Dağıstan nümayəndələri bu vəzifəyə Respublika Ali Məhkəməsinin sədri Fyodor Şukinin namizədliyinə baxılmasını təklif ediblər. Bundan əlavə, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanov regional hökumətin sədri vəzifəsinə namizəd kimi təklif olunub.

S.Məlikov 2020-ci ildən bəri Dağıstana rəhbərlik edir, o, bu vəzifədə Vladimir Vasilyevi əvəzləyib.

F.Şukinin hüquq təhsili var, o, müxtəlif illərdə Nijni Novqorod vilayətində ümumi yurisdiksiya hakimi, rayon məhkəməsinin sədri, eləcə də Nijni Novqorod Vilayət Məhkəməsinin sədr müavini vəzifələrində çalışıb. 2024-cü ilin mart ayında o, altı il müddətinə Dağıstan Ali Məhkəməsinin sədri təyin edilib.
  • Sosial şəbəkədə paylaş