Belarusun Qrodno vilayətində səfərbərlik təlimlərinə start verilib

Belarusun Qrodno vilayətində səfərbərlik təlimlərinə start verilib. Təlimlər çərçivəsində hərbçilər çağırışçıların şəxsi məlumatlarını yoxlayırlar.

Bu barədə Belarus Müdafiə Nazirliyinin rəsmi "Telegram" kanalına istinadən "RBC-Ukrayna" məlumat yayıb.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-dən etibarən Oşmyanı rayonunun hərbi komissarlığı şəxsi məlumatların dəqiqləşdirilməsi məqsədilə hərbi mükəlləfiyyətli şəxsləri çağırır. Məlumatların yoxlanılması ilkin toplanış məntəqəsində həyata keçirilir. Hərbi komissarlığın mütəxəssisləri məlumatları aktuallaşdırır və uçot sənədlərini yeniləyirlər. Ümumilikdə Oşmyanı rayonunun təxminən iki minə yaxın sakininin bu prosesə cəlb edilməsi planlaşdırılır. Səfərbərlik tədbirlərinin mərhələli şəkildə iyulun 2-nə qədər davam edəcəyi bildirilir.

Daha əvvəl təlimlər zamanı hərbi komissarlıqların komplektləşdirilməsi məsələsinin də nəzərdən keçiriləcəyi barədə xəbər verilib. Bu məqsədlə hərbi mükəlləfiyyətlilər hərbi toplanışlara çağırılacaq və daha sonra təlimlərdə iştirak edəcəklər. Təlimlərə cəlb olunan vətəndaşlar hərbi biliklərini təkmilləşdirəcək, silah və hərbi texnikanın idarə edilməsini mənimsəyəcək, həmçinin rəhbərliyin verdiyi tapşırıqların icrasını öyrənəcəklər.
  • Sosial şəbəkədə paylaş