Fransa 11 nəfərin öldüyü təyyarə qəzasının səbəbini açıqlayıb

Fransanın şimal-şərqində yerləşən Mört və Mozel departamentinin Tomblen kommunasında baş verən təyyarə qəzasına ilkin ehtimala görə texniki nasazlıq səbəb olub.

Bu barədə BFMTV telekanalının efirində departamentin prefekti İv Segi məlumat verib.

Onun sözlərinə görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Prefekt bildirib ki, təyyarə demək olar ki, şaquli vəziyyətdə yerə çırpılıb.

Telekanalın məlumatına görə, həlak olanlar arasında paraşütlə ilk dəfə tullanmağa hazırlaşan tibb işçilərinin də ola biləcəyi ehtimal edilir. İv Segi bu məlumatı təsdiqləməsə də, təyyarənin havaya qalxdığı Nansi-Esse aerodromunda həlak olanların yaxınlarının olduğunu bildirib.

Bundan əvvəl yerli hakimiyyət orqanlarına istinadən yayılan məlumata görə, təyyarə qəzası nəticəsində 11 nəfər həyatını itirib. Prokurorluq hadisə ilə bağlı aviaqəza üzrə rəsmi araşdırmaya başlanılmasını tələb edib.
  • Sosial şəbəkədə paylaş