Ankarada Azərbaycan səfirliyi qarşısında aksiya

Ankarada yaşayan azərbaycanlı və türkiyəli mənbələrin Musavat.com-a verdiyi məlumata görə, hazırda bir qrup şəxs Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında aksiya keçirir. Mənbələr iştirakçıların çox olduğunu, polisin isə aksiyaya mane olmağa çalışdığını bildirirlər.

Aksiya iştirakçıları Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir və bu mövzuda etiraz şüarları səsləndirirlər. Onların çağırışlarında məktəblərdə geyim qaydaları ilə bağlı qərarlar tənqid olunur. Hicab mövzusuna Azərbaycanın İsraillə münasibətlərinə yönələn ittihamlar da əlavə edilir.

Ankaradakı aksiya barədə çağırışlar Türkiyə mediasında bu gün yayımlanıb. “Milat” qəzeti Azərbaycan səfirliyi qarşısında etiraz keçiriləcəyini yazıb. İstanbulda isə oktyabrın 3-də Azərbaycan baş konsulluğu önündə oxşar aksiya təşkil olunmuşdu. Həmin aksiyada hicabla bağlı şüarlarla yanaşı, Azərbaycanın İsraillə münasibətlərini tənqid edən fikirlər də səsləndirilmişdi.
  • Sosial şəbəkədə paylaş