Ada satılır

Yunanıstanın Egey dənizindəki On İki Ada qrupuna daxil olan Stronqilo adası 5 milyon dollara (təxminən 250 milyon lirə) satışa çıxarılıb.

KİV xəbər verir ki, Türkiyə sahillərinin yaxınlığında yerləşən, təxminən 219 min kvadratmetrlik bu ada üç təbii çimərliyi və toxunulmaz təbiəti ilə diqqət çəkir.

Yalnız dəniz yolu ilə çatmaq mümkün olan adanın lüks yaşayış kompleksi və ya turizm investisiyası üçün əlverişli olduğu bildirilir.

Patmos və Leros adalarının yaxınlığındakı Arkoi adalar qrupunda yerləşən Stronqilo özəl mülkiyyətə sahib olmaq və ya turizm biznesi qurmaq istəyən investorlara təqdim olunur. Adadakı üç təbii çimərlikdən biri 110 metr uzunluğunda, qumlu və küləkdən qorunan sahildən ibarətdir.

Xüsusi adaların satışı üzrə əmlak platformasında dərc edilən elanda Stronqilo gözlərdən uzaq həyat axtaranlar üçün ideal variant kimi göstərilir. Adada qədim bir evə aid daş qalıqları və su quyusu var. Bundan başqa, təbii su mənbəyindən istifadə edilməsi və qonşu Maratos adası üzərindən elektrik şəbəkəsinə qoşulma imkanları nəzərdən keçirilir. Lakin adada hər hansı tikinti aparmaq üçün Yunanıstanın aidiyyəti qurumlarından rəsmi icazələrin alınması tələb olunur.

Adaya nəqliyyat əlaqəsi yalnız xüsusi katerlər və dəniz taksiləri ilə təmin edilir. Qonşu Leros adasının Afina ilə hava əlaqəsi, Patmos və Lipsinin isə dəniz marşrutları bölgəyə gediş-gəlişi asanlaşdırır.

Stronqilo adası 2015-ci ildə Hollivud ulduzu Conni Deppin adanı 4,2 milyon avroya satın alması barədə xəbərlərlə gündəmə gəlmişdi. Lakin mülkün hazırkı sahibi və aktyorun bu ada ilə əlaqəsinin davam edib-etmədiyi rəsmi təsdiqini tapmayıb.
  • Sosial şəbəkədə paylaş