Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

Çinin Qiymətli Kağızlar Tənzimləmə Komissiyasında korrupsiyaya nəzarətə məsul intizam müfəttişi işləmiş Van Huymin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 436 milyon yuandan (təxminən 65 milyon ABŞ dolları) çox pul və əmlakı rüşvət kimi qəbul etdiyi üçün 2 illik sınaq müddətlə edam cəzasına məhkum edilib.

Çendu Şəhər Xalq Məhkəməsinin qərarına əsasən, 2 illik sınaq başa çatdıqdan sonra edam cəzası ömürlük həbslə əvəz oluna bilər. Çində edam cəzası verilmiş məhkumlar 2 illik sınaq müddəti ərzində yeni cinayət törədilmədiyi təqdirdə, ölüm cəzası bir qayda olaraq ömürlük həbslə əvəz olunur. Amma cəzanın yüngülləşdirilməsi və ya şərti azadlığa buraxılma mümkün olmur.

Məhkəmə, həmçinin Van Huyminin ömürlük siyasi hüquqlarından məhrum edilməsi və bütün şəxsi əmlakının müsadirə olunması barədə qərar çıxarıb.

Qərarda qeyd olunur ki, 1998-2025-ci illər ərzində Van Huymin Sincan Uyğur Muxtar Rayonunda və Qiymətli Kağızlar Tənzimləmə Komissiyasında tutduğu vəzifələrdən sui-istifadə edərək, rüşvət müqabilində müxtəlif qurumlara və şəxslərə biznes fəaliyyəti, vəsait cəlbi və digər məsələlərdə kömək göstərib. Məhkəmə Van Huyminin həbs olunduqdan sonra cinayətlərini səmimiyyətlə etiraf etməsini, istintaqa məlum olmayan cinayət faktlarını könüllü şəkildə açıqlamasını, günahını boynuna alaraq peşmançılıq hissi keçirdiyini, bundan başqa, aldığı rüşvətlərin bir hissəsini geri qaytardığını nəzərə alaraq ona yüngülləşdirici hal olaraq 2 illik sınaq müddəti təyin edib.

Van Huymin Sincan Uyğur Muxtar Rayonunda bank sektorunda, yerli hökumətdə və bölgənin Xalq Nümayəndələri Yığıncağında yüksək vəzifələrdə işləyib. O, 2015-2019-cu illərdə Çin Kommunist Partiyasının Mərkəzi İntizam Komissiyası və ölkənin korrupsiya ilə əsas mübarizə qurumu olan Milli Nəzarət Komissiyası tərəfindən Qiymətli Kağızlar Tənzimləmə Komissiyasına göndərilmiş intizam yoxlaması və nəzarət qrupuna rəhbərlik edib.
  • Sosial şəbəkədə paylaş