Zəfərin 5 yaşı

Bu gün Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə böyük coşqu və sevinclə qeyd edilir


2020-ci ildən sonra noyabr müstəqil və müasir Azərbaycanın tarixinə unudulmaz ay kimi daxil olub. Həmin il sentyabrın 27-də başlanan Vətən müharibəsi 44 gün sonra möhtəşəm Zəfərlə başa çataraq xalqımızın 30 illik həsrətinə son qoydu. Haqq savaşına qalxaraq torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda ölüm-dirim mübarizəsi aparan neçə-neçə igid, qəhrəman oğullar şəhid oldu, yaralandı. Vətən müharibəsində hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Noyabrın 8-i ölkəmizin yeni tarixinə Zəfər Günü kimi yazıldı. Uzun illərdən sonra işğalçı Ermənistan üzərində qazanılan Qələbə çoxəsrlik Azərbaycan tarixinin ən mühüm hadisəsidir.
  • Sosial şəbəkədə paylaş