Azərbaycan milli mətbuatı – 151 illik şərəfli yol

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur.

1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatının təməli qoyuldu. Ana dilində işıq üzü görən ilk milli qəzet cəmi 56 nömrə nəşr olunsa da, xalqın maariflənməsində, milli özünüdərkin formalaşmasında və jurnalistikanın inkişafında silinməz iz buraxdı.

"Əkinçi"nin yaratdığı maarifçilik ənənəsini sonralar "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" və digər qəzet-jurnallar davam etdirdi. Onların əsas missiyası cəmiyyəti cəhalətdən uzaqlaşdırmaq, ictimai fikri formalaşdırmaq, milli oyanışa və tərəqqiyə xidmət etmək idi.

Azərbaycan milli mətbuatı – 151 illik şərəfli yol
Azərbaycan mətbuatı ötən 151 il ərzində mürəkkəb, lakin şərəfli inkişaf yolu keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Açıq söz" qəzeti azad sözün və demokratik mətbuatın inkişafı üçün mühüm zəmin yaratdı. Lakin Cümhuriyyətin süqutundan sonra ölkədə sovet ideologiyasının hökm sürdüyü onilliklər başladı. Təxminən 70 il ərzində mətbuat ciddi senzura altında fəaliyyət göstərdi, fərqli fikir və azad söz məhdudlaşdırıldı. Buna baxmayaraq, milli mətbuat nümayəndələri həqiqəti bəzən sətiraltı məna ilə oxucuya çatdırmağa çalışırdılar.

Müstəqilliyini bərpa edən Azərbaycan yeni media mərhələsinə qədəm qoydu. 1990-cı illərin ikinci yarısından etibarən mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə senzura ləğv olundu, 1999-cu ildə isə beynəlxalq standartlara uyğun "Kütləvi informasiya vasitələri haqqında"
Qanun qəbul edildi. Ümumilikdə, mətbuatın inkişafı və jurnalistlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə ondan artıq fərman və sərəncam imzalandı.

Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.

Azərbaycan jurnalistikası özünün peşəkarlığını 44 günlük Vətən müharibəsi zamanı da nümayiş etdirdi. 2020-ci ildə ölkəmiz yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də mühüm üstünlük qazandı. Xaricdən aparılan qərəzli təbliğata baxmayaraq, Azərbaycan mediası operativ və obyektiv məlumatlandırma ilə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verdi.

151 illik tarixə malik Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin etibarlı informasiya mənbəyi, ictimai fikrin formalaşmasında mühüm qüvvə və dövlətçiliyin inkişafına töhfə verən vacib institutlardan biri olaraq fəaliyyətini davam etdirir.














  • Sosial şəbəkədə paylaş