Lənkəranda sitrus və çay bitkilərinin yeni sortları elmi əsaslarla sınaqdan keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində ölkənin subtropik bölgələri üçün strateji əhəmiyyət daşıyan sitrus və çay bitkiləri üzrə genişmiqyaslı elmi-tədqiqat və təcrübə işləri aparılır. Mərkəzin təcrübə bazasında hazırda 40-dan çox sitrus bitkisi, eləcə də müxtəlif çay sortları və formaları üzərində uzunmüddətli müşahidələr həyata keçirilir.

Aparılan tədqiqatların əsas məqsədi mövcud yerli sortların genetik potensialının qorunması, onların məhsuldarlıq və keyfiyyət göstəricilərinin yüksəldilməsi, eyni zamanda, xarici ölkələrdən gətiriliən yeni sitrus və çay sortlarının Lənkəran-Astara iqtisadi rayonunun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmasıdır. Bu çərçivədə bitkilərin vegetasiya dövrü, böyümə və inkişaf mərhələləri, məhsuldarlıq səviyyəsi, eləcə də xəstəlik və zərərvericilərə davamlılığı elmi əsaslarla öyrənilir.

Mərkəzdə çay bitkisi üzrə aparılan tədqiqatlar xüsusi əhəmiyyət daşıyır. Müxtəlif çay sortlarının məhsuldarlıq potensialı, yarpaq keyfiyyəti, iqlim amillərinə davamlılığı və adaptasiya imkanları araşdırılır. Alınan nəticələr çayçılığın dirçəldilməsi, yeni məhsuldar sortların istehsalata tətbiqi və bu sahədə dayanıqlı inkişafın təmin olunmasına yönəlib.

Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin Çay və Sitrus Bitkiləri şöbəsinin müdiri Aqil Həsənov bildirib ki, elmi-təcrübə bazasında bölgəyə məxsus çay sortları, sitrus və subtropik bitkilər, eləcə də Lənkəran ərazisində yayılmış endemik bitkilər üzərində geniş tədqiqat işləri aparılır. Onun sözlərinə görə, Dəmirağacı, Lənkəran akasiyası, Şabalıdyarpaq palıd kimi endemik və əsasən dərman əhəmiyyətli bitkilər öyrənilir.
  • Sosial şəbəkədə paylaş