Azərbaycanda dörd ildə aqrar sahəyə 5 milyard manatdan çox investisiya qoyulacaq

Azərbaycanda yaxın 4 ildə kənd təsərrüfatının inkişafına 5 milyard manatdan çox investisiya yatırılacaq.

Bunu Prezident İlham Əliyev kənd təsərrüfatına həsr olunmuş müşavirədəki çıxışında deyib. Onun sözlərinə görə, son illərdə ölkədə bir sıra aqrar məhsulların istehsalında məhsuldarlıq artıb: “Məhsuldarlığa gəldikdə, son illər ərzində burada artım var və biz bunu yüksək qiymətləndiririk. Misal üçün taxılçılıqda, bizdə bu gün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu, təqribən 2 ton, bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır.

Pambıqçılıq. Qeyd etdiyim kimi, bizdə hektardan məhsuldarlıq cəmi 1 ton idi, görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrləri, hətta sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd hər hektardan ən azı 5 ton götürməkdir. Belə olan halda bizdə 100 min hektarda ki, pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Əlbəttə ki, bunun ondan sonrakı emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul - qarşıya məqsəd qoyulmalıdır ki, biz mahlıc ixrac etməyək, hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm.

İntensiv bağçılıq. Biz bunun da müsbət nəticəsini görürük, o cümlədən azad edilmiş torpaqlarda. Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı. Mən bu yaxınlarda Zəngilanda olarkən məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni intensiv bağçılıq, xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada qarşıya məqsəd qoyulur ki, 20 min yeni hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun.

İstixana kompleksləri. Bu gün bizim 1500 hektarı əhatə edən istixanalarımız var, 500 hektar əlavə olunmalıdır. Əlbəttə ki, biz burada da ilk növbədə, özəl sektorun fəaliyyətinə arxalanırıq.

Ət, süd, quş əti ilə 100 faiz özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, təqribən 80-90 faiz səviyyəsindədir. Bunu 100 faizə çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var və bu proqram qeyd etdiyim kimi, qısamüddətli olmalıdır, 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır, bu proqramın icrası üçün cəmi dörd il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır”.

Dövlət başçısı hökumətə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nın icrasına vəsait tapmağı tapşırıb: “Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, Hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb. Əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq, özəl sektorun payı isə təqribən 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi dörd il yarım ərzində bunu biz həyata keçirməliyik, ona görə proqram qəbul ediləndən dərhal sonra biz işlərə başlamalıyıq”.
  • Sosial şəbəkədə paylaş