Bakıda 2 otaqlı mənzil qiymətinə BU ÖLKƏDƏ ADA SATILIR

Şotlandiyanın ucqar bölgəsində yerləşən və daxilində xüsusi evi olan şəxsi ada hərraca çıxarılıb.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, üzərində günəş panelləri ilə təchiz olunmuş ev olan bu adanın start qiyməti Böyük Britaniyadakı orta hesabla bir mənzilin qiymətindən də ucuzdur.

Əgər sizin üçün "hər şeydən uzaqlaşmaq" telefonu söndürmək, tıxac və şəhər səs-küyünü dəniz quşlarının nəğməsi ilə əvəz etmək və tamamilə özünüzə məxsus bir adaya sahib olmaq deməkdirsə, Şotlandiyanın vəhşi şimal-qərb sahillərində bunun üçün unikal bir fürsət yaranıb.

Şotlandiyanın ucqar Sammer-Ayls (Summer Isles) arxipelaqına daxil olan 36 hektarlıq Mallaqrax (Mallagrach) adası 350 min funt-sterlinq (təxminən 405 min avro) start qiyməti ilə hərraca çıxarılacaq. Bu məbləğ Böyük Britaniyanın bir çox bölgələrindəki adi mənzil qiymətlərindən xeyli aşağıdır.

Günəş enerjisi ilə işləyən evi, gözoxşayan qayalıqları və zəngin vəhşi təbiəti olan bu ərazi Britaniyanın ən mənzərəli landşaftları arasında tənhalıq və hüzur axtaranlar üçün mükəmməl bir sığınacaq vəd edir.



"Savills" şirkəti tərəfindən təşkil olunacaq hərrac iyunun 9-da baş tutacaq.

Şotlandiyanın ucqar şimal-qərbində yerləşən ada turistlərin əksəriyyətinə demək olar ki, məlum deyil. Buraya yalnız materikdəki Ullapul (Ullapool) və ya Old-Dorni (Old Dornie) qəsəbələrindən qayıqla, yaxud büdcə imkan verərsə, helikopterlə çatmaq mümkündür.

Ada çimərliklər, qayalıqlar, mağaralar və körfəzlər var. Yaz və yay aylarında isə adanın səthi yaşıl otlar və çöl çiçəkləri ilə örtülür. Ətraf sularda suiti, delfin, susamuru, boz qazları, bəxtiniz gətirsə, hətta nadir kiçik zolaqlı balinaları (minke whale) belə görmək olar.

Şotlandiyanın dəyişkən və şıltaq havası sığınacaq tələb etdikdə isə adada artıq tam hazır vəziyyətdə olan ev köməyə çatır. Kiçik ölçülərinə baxmayaraq, damı süpürgə kolu ilə örtülmüş bu taxta tikili, adaya möhtəşəm mənzərə açan döşəmədən tavana qədər uzanan panoramik pəncərələrə malikdir.

Evin daxilində mətbəx və yemək zonası, iki kompakt yataq yeri və odun peçi quraşdırılıb. Elektrik enerjisi günəş panelləri vasitəisə təmin edilir, həyətdə isə kompost tualet yerləşir. Həmçinin yağış sularının toplanması sistemi də qurulub, lakin içməli suyu adaya butulkalarda gətirmək lazım gələcək.

"Savills" daşınmaz əmlak agentliyindən bildiriblər ki, ev daxilindəki bütün əşyalarla birlikdə satılır və həm qısamüddətli, həm də uzunmüddətli yaşayış üçün tam hazırdır.

Xatırladaq ki, bir müddət əvvəl Şotlandiyada 9,7 hektar sahəsi olan digər bir şəxsi ada, Harbor-Aylend (Harbour Island) da satışa çıxarılıb. Adanın sahibləri Riçard Steyn və Salli Louell buranı 2017-ci ildə 650 min funt-sterlinqə alaraq xəyallarındakı evi tikib, daha sonra isə ərazini 1,25 milyon funt-sterlinqə satışa qoyublar. Krinan kəndindən cəmi 300 metr məsafədə yerləşən həmin adadan materikə qayıqla bir neçə dəqiqəyə çatmaq mümkündür. Adadakı 3 otaqlı ev su kəməri, elektrik enerjisi və digər zəruri kommunal xətlərlə tam təmin olunub.

Müqayisə üçün qeyd edək ki, bu gün Bakının bəzi ərazilərində adi 2 otaqlı mənzilin qiyməti 500 min manata (təxminən 265 min avro) və daha baha qiymətə satışa çıxarılır. Şotlandiyada satışa qoyulan bütöv bir adanın qiyməti isə Bakının mərkəzindəki bir çox mənzillərin qiymətindən ucuz başa gəlir.
  • Sosial şəbəkədə paylaş