Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Dekabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və rəssam Emil Əziz qarşılayıblar.

Muzeyin ziyarət edilməsi zamanı Leyla Əliyeva, ilk növbədə, Emil Əzizin hazırda muzeydə nümayiş olunan “Naxış və siluet” adlı fərdi sərgisi ilə tanış olub. Sərgi rəssamın Azərbaycan xalçaçılığının zəngin irsini, ənənəvi naxışları müasir bədii dildə yenidən təsvir etdiyi təxminən 50 əsərini birləşdirir. Qarabağ atlarının təsvirləri və siluetin hərəkəti, gücü və zərifliyi xalça motivlərinin ritmi və quruluşu ilə mükəmməl şəkildə birləşdirilən qadın portretləri əsərlərdə xüsusi yer alıb. Sərginin yanvarın 12-nə qədər davam edəcəyi qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədin “Faiq Əhməd: 2011–2024-cü illər” adlı retrospektiv sərgisinə baxıb. Sərgi müəllifin yaradıcılığının əsas mərhələlərini əhatə edir və ənənəvi Azərbaycan xalçaçılığına innovativ yanaşmasını nümayiş etdirir. Burada klassik toxuculuq müasir bədii düşüncə, fəlsəfə və aktual vizual təcrübələrlə birləşir. Vurğulanıb ki, Faiq Əhmədin əsərləri dünyanın aparıcı muzeylərində və kolleksiyalarında geniş şəkildə təmsil olunur və beynəlxalq səviyyədə tanınır.

O, həmçinin görkəmli rəssam, alim, tədqiqatçı və Azərbaycan Milli Xalça Muzeyinin təsisçisi Lətif Kərimova həsr olunmuş sərgi ilə tanış olub.
  • Sosial şəbəkədə paylaş