Azərbaycan Avropa Şurasına şərtlərini sərtləşdirdi

Ölkə rəhbəri Avropa Məhkəməsinin çıxardığı qərarların icra edilməyəcəyini dedi; hüquqşünas deyir ki...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası bu həftə Strasburqda öz işinə başlayıb. AŞ PA-da fəaliyyətini bir il iki aydır dayandırmaq məcburiyyətində qalan Azərbaycan parlamentinin nümayəndə heyəti bu qurumla əlaqələri bərpa etməyi hələ düşünmür. Ötən ilin yanvarında AŞ PA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib, buna qarşılıq olaraq, nümayəndə heyəti də bu qurumdakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bəyan edib.

Amma Azərbaycan orada olmadığı halda, son qış sessiyasında da yenə ölkəmiz ittihamlara və əsassız hücumlara məruz qaldı. Rəsmi Bakı hesab edir ki, AŞ PA bu böhtan və ikili standartlar siyasətindən əl çəkməlidir.

“Azərbaycan Avropa Məhkəməsinin çıxardığı qərarları icra etməyəcək”.

Bunu aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bunun səbəbini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə izah edib.

“Nümayəndə heyəti assambleyanın iclaslarında iştirak etməsə və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hakimlərinin seçilməsinə səs verə bilməsə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarlar etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrumuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik”, - İ. Əliyev qeyd edib.

Qeyd edək ki, Prezident bundan əvvəl də ölkəmizin Avropa Şurasından tamamilə çıxa biləcəyi barədə xəbərdarlıq etmişdi.

Amma Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti AŞ PA-nın yaz sessiyasında da anti-Azərbaycan mövqe sərgiləyib. O, Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞ PA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Deputat Kamran Bayramov “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyev beynəlxalq forumda Avropa Şurası ilə bağlı Azərbaycanın gələcək mövqeyini aydın şəkildə ifadə edib, AİHM-də hakimlərin seçilməsində iştirak etmədikləri təqdirdə, bu məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarların etibarsız sayılacağını vurğulayıb. Deputat xüsusilə qeyd edib ki, 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılıb. Avropa təsisatlarının Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra dövlətləri isə Ermənistanın işğal, təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər: “Baxmayaraq ki, Avropa Şurasının və Avropa İttifaqının nizamnamələrində, Avropa ölkələrinin daha sıx birliyinə ehtiyac duyulduğu, Avropa Konvensiyasında isə əsas məqsədin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğu bəyan edilir. Azərbaycanın ötən illər ərzində bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Baxmayaraq ki, məsələn, AŞ PA özü bir neçə dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad etmiş, bununla da işğal faktını tanımışdı. Amma nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu məsələ ilə bağlı nəinki ədalətli mövqe tutdu, əksinə, Ermənistanın işğalçı olması ilə bağlı, ümumiyyətlə, danışmamağa üstünlük verdi”.
  • Sosial şəbəkədə paylaş