Pakistan Ermənistanda səfirlik açır

“Ermənistan və Pakistanın diplomatik nümayəndələri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər”. Bu barədə erməni mediası xəbər yayıb.

Diplomatik mənbənin bildirdiyinə görə, səfirliyin gələn il açılması planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təkzib etməyib.

“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommunike imzalamaqla, iki ölkənin hökumətləri 1961-ci il ”Diplomatik münasibətlər haqqında" Vyana konvensiyasına və ümumi qəbul edilmiş beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlılıq əsasında diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndə mübadiləsi aparmaq və bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəlib. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq", - deyə XİN-in cavabında bildirilir.

Xatırladaq ki, Azərbaycanın bir neçə mühüm strateji müttəfiqindən olan qardaş Pakistan və Ermənistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında bununla bağlı birgə kommunike imzalanıb.
  • Sosial şəbəkədə paylaş