Azərbaycandan Ermənistana neft satışı başladı-rəsmi Bakı sülh yolunda daha bir addım atdı

Bu gündən etibarən Azərbaycandan Ermənistana ilk dəfə olaraq neft məhsullarının ixracına başlanılıb.

SOCAR tərəfindən istehsal olunan Aİ-95 markalı benzinin 22 vaqondan ibarət ilk partiyası Ermənistan istiqamətində yola salınıb.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı ilə bağlı razılaşma 28 noyabr tarixində Qəbələ şəhərində keçirilən görüş zamanı əldə olunub. Həmin görüşdə Azərbaycan və Ermənistanın baş nazir müavinləri – Şahin Mustafayev və Mher Qriqoryan iştirak ediblər.

Erməni mənbələrinin də təsdiqlədiyi bu məlumat regionda diqqətlə izlənilir. Xüsusilə uzun illər davam edən münaqişədən sonra Azərbaycan istehsalı olan yanacağın Ermənistan bazarına çıxması regional iqtisadi münasibətlər baxımından yeni mərhələ kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, bu ixrac əməliyyatı rəsmi sülh sazişi imzalanmadan belə, Bakı ilə İrəvan arasında praktiki və praqmatik əməkdaşlıq elementlərinin formalaşmağa başladığını göstərir. Bununla belə, prosesin davamlı olub-olmayacağı siyasi proseslərin inkişafından və tərəflər arasında etimad mühitinin dərinləşməsindən asılı olacaq.

Hazırda rəsmi Bakı bu ixracın həcminin artırılması və ya digər enerji məhsullarını əhatə edib-etməyəcəyi ilə bağlı əlavə açıqlama verməyib.
  • Sosial şəbəkədə paylaş