Bakıya pilotsuz taksilər gəlir

Ötən ilin 16 yanvarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının ictimaiyyət üçün təqdimatı keçirilib.

KİV xəbər verir ki, tədbirdə rəsmi şəxslər, şəhərsalma mütəxəssisləri, memarlar, tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev öz çıxışlarında təqdim edilən sənədin mahiyyəti, konsepsiyası və şəhər həyatında ediləcək dəyişikliklər barədə söhbət açıblar.

Qeyd edilib ki, Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədi olmaqla şəhərin mövcud vəziyyəti və ehtiyaclarının təhlili əsasında müasir şəhərsalma yanaşmaları əsasında tərtib edilib.

4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir:

şəhərin dayanıqlı inkişafı,

şəhər və ətraf mühitin bərpası,

memarlıq irsinin qorunması,

yeni şəhər iqtisadiyyatı formalaşdırılması.

Belə ki, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək.

Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, “hibrid yaşıl dəhlizlərin” yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Dünyanın bir çox yerində sürücüsüz taksilər istifadəyə verilib və bunlar süni zəka ilə idarə edilir. Artıq bunun effektiv olması qəbul edildiyindən bu tip nəqliyyat geniş yayılmağa başlanılıb.

Azərbaycanda sürücüsüz taksilərin istifadəyə verilməsi barədə məlumatlar dolaşsa da, konkret nəticə yoxdur.
  • Sosial şəbəkədə paylaş