İnsanlar nə vaxtdan Çinə vizasız gedib-gələ biləcəklər?

Mediaya danışan Daxili Turizm Komitəsinin sədri Əziz Şiriyev bildirib ki, iki ölkə arasında saziş bağlansa da, proses bir qədər mürəkkəbdir:

“Yeni qaydalar sərhəd qoşunları, hava limanının prosedur sistemlərinin qurulması, gömrük, logistika və karqo məsələləri tənzimləndikdən sonra qüvvəyə minəcək. Yəni, hələ texniki mərhələ tam tamamlanmadığından, vətəndaşların vizasız səfər edə bilməməsi təbii haldır. Yaxın vaxtlarda proses tam formada başlayacaq”.

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, növbəti aylardan etibarən vətəndaşlar vizasız səfər edə biləcəklər:

“Daha ətraflı məlumatı Xarici İşlər Nazirliyindən və ya Çin səfirliyindən almaq olar. Ümumiyyətlə, Çin vətəndaşları üçün vizanın aradan qaldırılması əsas addım idi. Daha sonra qarşılıqlı olaraq, Azərbaycan vətəndaşları üçün də viza ləğv edildi. Ümumvətəndaş pasportu olan şəxslər gediş-gəlişi sərbəst şəkildə həyata keçirə biləcəklər. Çin vizası indiyədək ödənişli idi və bunun üçün səfirliyə müraciət edilirdi. Aprelin 23-də saziş imzalanmasına baxmayaraq, onun qüvvəyə minməsi bir qədər sonra baş verdi. Hazırda Çindən Azərbaycana gələnlər üçün vizasız rejim mövcuddur. Vətəndaşlarımız üçün isə bu, növbəti aylarda təmin ediləcək”.
  • Sosial şəbəkədə paylaş