Paytaxtı Bakıdan suya görə köçürmək təklifi

Memar deyir ki, paytaxt hansısa rayona köçürülərsə, aylarla susuzluğa səbəb ola bilər; ekoloq isə hesab edir ki, Azərbaycanda su ehtiyatları kifayət qədərdir, lakin istifadə düzgün təşkil olunmur
Ölkədə su ehtiyatları əhalinin və kənd təsərrüfatının tələbatını tam ödəyə bilmir. Azərbaycanın ərazisinə düşən çay sularının əhəmiyyətli hissəsi xarici ölkələrdən gəlir. Lakin son illərdə bu çayların səviyyəsində azalma müşahidə olunur. Eyni zamanda iqlim dəyişmələri, quraqlıqlar və əhalinin artması suya olan tələbatı daha da artırır.

Bu fonda su ehtiyatlarının düzgün idarə olunması ön plana çıxır. Azərbaycan bu sahədə beynəlxalq qurumlarla da əməkdaşlıq edir. “Bakı-xəbər.com” yazır ki, havalar kəskin istiləşəndən sonra, xüsusilə də son bir həftədə Bakı və Abşeron yarımadasında su təchizatında problemlər yaranması barədə şikayətlər səngimək bilmir. Həm sosial şəbəkələrdə yayılan məlumatlara, həm də ayrı-ayrı paytaxt sakinlərinin bildirməsinə görə, suyun verilməsində hər gün fasilələr yaranır, bəzi hallarda isə gün ərzində, ümumiyyətlə, verilmədiyi vurğulanır. Bunu isə Bakıda əhalinin çoxluğu ilə əlaqələndirirlər, hətta Azərbaycan paytaxtının bu səbəbdən köçürülməsi təklifləri də var.

Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, memar Cahid Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Deyirlər, paytaxtı köçürək Xankəndinə - bu, düzgün fikir deyil. Bakının kanalizasiya sistemi, su təchizatı sovet dövründə 1 milyon 200 min əhaliyə görə hesablanmışdı. Müstəqillik əldə olunandan sonra bu rəqəm qalxaraq 4-5 milyona çatıb. Bunun üzərinə qonaqları, turistləri də gəlsək, kanalizasiya sistemi bunun öhdəsindən gələ bilmir. İstismar müddəti bitib. Yeni baş plana əsasən, yeni tikililər, infrastruktur olacaq, lakin 20 ildən sonra yenə də bu problemlər yaşanacaq. Paytaxtı hansısa rayona köçürsək, bundan da çox su problemi yaşanacaq. Təsəvvür edin, rayon əhalisi 200 mindirsə, 2 milyon əhalisi olan paytaxt ora köçürülərsə, həmin rayon susuz qala bilər - səhra kimi. Çıxış yolu odur ki, şəhər boşaldılmalıdır. Bəzi nazirliklər və ali təhsil müəssisələri rayonlara yerləşdirilməlidir”.
  • Sosial şəbəkədə paylaş