Azərbaycan həbsxanalarında “Mandela qaydaları” mərhələsi gəlir

Azərbaycan penitensiar sistemində mühüm dəyişikliklərin əsası qoyulur. Milli Məclisdə müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna düzəlişlər həbsxanalarda məhkumların sağlamlıq hüquqlarının təmin edilməsində yeni mərhələ kimi qiymətləndirilir. Layihəyə görə, azadlıqdan məhrum edilən şəxslərin tibbi xidmətləri icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək. Bu dəyişiklik yalnız Azərbaycan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edir. Ekspertlərin fikrincə, təşəbbüs BMT-nin Mandela Qaydaları və Avropa Həbsxana Qaydaları ilə səsləşərək dövlətin humanist siyasətinin göstəricisinə çevrilir.

Bunun üçün qüvvədə olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Layihə Milli Məclisin Səhiyyə komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil ediləcək. Belə ki, təklif olunan dəyişikliklərə əsasən sözügedən Qanunun 15-2.1-ci maddəsində həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslər əlavə edilib və 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsi çıxarılıb. Eyni zamanda, bu subyekt dairəsinə daxil olan şəxslərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kateqoriyasına aid olması halı da nəzərə alınıb. Müzakirələr zamanı deputat Adil Vəliyev deyib ki, 2024-cü il ərzində 670 məhkum müxtəlif ixtisaslaşdırılmış tibbi xidmətlərə, o cümlədən radiologiya (KT, MRT, PET, Doppler USM), cərrahi müdaxilələr (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya) və terapevtik müalicələrə (nefrologiya, revmatologiya, nevrologiya) ehtiyac duysa da, infrastruktur, tibbi avadanlıq və kadr çatışmazlığı səbəbindən bu xidmətlər göstərilməyib.

Qeyd edilmiş kateqoriyaya aid olan şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, müvafiq Qanuna 15-17.2.3-3-cü maddə əlavə edilərək Xidmətlər Zərfində onlara göstəriləcək tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən olunacaq.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
  • Sosial şəbəkədə paylaş