Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

Peşə bayramı Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib. Azərbaycanın rabitə tarixi XIII əsrdə Qazan xanın poçt islahatlarından, XVI əsrdə Şah İsmayıl Xətainin dövlət səviyyəsində poçt sisteminin əsasını qoymasından başlayaraq zəngin inkişaf yolu keçib.

1881-ci il dekabrın 6-da Nobel qardaşlarının təşəbbüsü ilə Bakıda ilk telefon xətti istismara verilməsi isə ölkənin texnologiya tarixində dönüş nöqtəsi olub. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti çəkilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.



Azərbaycanda rabitənin, elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Ümummilli Lider Heydər Əliyevin respublikaya ikinci dəfə rəhbərliyi dövründə vüsət alıb. Ulu Öndərin diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyulub.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə telekommunikasiya və İKT sahəsi sürətlə inkişaf edir. Ötən müddət ərzində bu istiqamətdə bir çox işlər görülüb və mühüm addımlar atılıb.

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur

Bu gün ölkəmizdə rəqəmsal transformasiya istiqamətində bir sıra böyük layihələr həyata keçirilir. Bu layihələrin icrasında aktiv rol oynayan qurumlardan biri də regionun ən böyük bulud xidməti provayderi olan “AzIntelecom” MMC-dir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə həyata keçirilən “Hökumət buludu” layihəsi çərçivəsində qurumlar öz informasiya sistemlərini tam və ya qismən “AzInTelecom”a məxsus Data mərkəzlərinə yerləşdirirlər.



Bundan başqa, 3 il əvvəl yaradılan “SİMA İmza” yeni nəsil rəqəmsal imza artıq onlayn xidmət sektorunda yeni standartlar formalaşdırıb. “SİMA İmza” hazırda 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Azərbaycan BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib ki, məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır.

Rəqəmsal inkişafın yeni mərhələsi

2025-ci ildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqləndi və ölkənin gələcək rəqəmsal yol xəritəsi müəyyən edildi. Paralel şəkildə “Onlayn Azərbaycan” layihəsinin tamamlanması nəticəsində ölkə üzrə sabit genişzolaqlı internet əhatəsi tam təmin olunub. “Onlayn Azərbaycan” layihəsi müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilib. Son 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib. Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə “Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və 2024-cü ilin yanvar ayına olan məlumata əsasən, bu göstərici 66 Mbit/s-ni keçib. Layihə çərçivəsində görülən işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli Sabit Şəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən təqdim edilib.



Süni intellekt sahəsində mühüm addım kimi “AI Academy” fəaliyyətə başlayıb8. Akademiya süni intellekt mühəndislərinin yetişdirilməsinə yönəlmiş tədris proqramları ilə bu sahədə ixtisaslı kadr hazırlığını gücləndirir. Bununla yanaşı, “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycanda rəsmi mərkəz açması ölkənin beynəlxalq texnoloji şəbəkələrə inteqrasiyasını yüksəldib. Eləcə də, Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib.



Qanunvericilik prosesində rəqəmsal texnologiyaların tətbiqi üçün “E-qanun.ai” platformasının təqdim olunması süni intellektin dövlət idarəçiliyində istifadəsində yeni mərhələ açdı. Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının 30 mindən çox istifadəçisi var.

Azərbaycan qlobal rəqəmsal dialoqun mərkəzinə çevrilib

Bu il Bakıda baş tutan bir sıra beynəlxalq tədbirlər ölkəmizin qlobal rəqəmsal siyasətdə artan rolunu təsdiqlədi. Minlərlə gəncin iştirak etdiyi Qlobal Gənclər Sammitində rəqəmsal bacarıqlar, innovasiya və məşğulluq mövzuları geniş müzakirə olundu. Noyabrın 17-28-də Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) isə həm region, həm də dünya üzrə rəqəmsal inkişafın əsas istiqamətlərinin müəyyənləşdiyi mühüm platformaya çevrildi. MDB regionunda ilk dəfə təşkil olunan bu konfrans telekommunikasiya sahəsində qərarların qəbul edildiyi strateji mərkəz oldu.

Konfransın yekunu olan Bakı Fəaliyyət Planı 2026–2029-cu illər üçün insanların universal və əlçatan internetə çıxışının təmin edilməsini prioritet kimi müəyyənləşdirib. Hazırda dünyada 2 milyarddan çox insanın internetə çıxışının olmaması fonunda Plan rəqəmsal bərabərliyin təmin edilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

BTİ-nin Baş katibi Dorin Boqdan-Martin qeyd edib ki, Bakı Bəyannaməsi heç kəsi kənarda qoymayan, inklüziv rəqəmsal gələcəyin formalaşdırılmasına dair qlobal öhdəlikləri bir araya gətirir.

Konfrans çərçivəsində kibertəhlükəsizlik, radiotezliklərin idarə olunması, innovasiya, rəqəmsal bacarıqlar və ucqar ərazilərin internetlə təminatı kimi sahələr üzrə yeni qətnamələr qəbul edilib, çoxsaylı layihələr üzrə tərəfdaşlıqlar qurulub.
  • Sosial şəbəkədə paylaş