Ağdərənin Həsənriz kəndinə köçən daha 16 ailəyə evlərin açarları təqdim edilib

Dekabrın 12-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

16 ailə olmaqla, 74 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev kəndə köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıb.

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qayıdan sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Keçmiş məcburi köçkünlər 33 ildən sonra doğma torpaqlara qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

Qeyd edək ki, Həsənriz kəndində bərpa edilən fərdi yaşayış evlərində keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd fasiləsiz elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib.
  • Sosial şəbəkədə paylaş